“Borc içində batırıq, üzməyi də bacarmırıq”

Bloqumda  yazdıqlarım ətrafımda müşahidə etdiyim hadisələrdir. Dünyada və Azərbaycanda olan böhran hamıya məlumdur. İqtisadçılar çox gözəl iqtisadi analizlərini aparıblar. Ona görədə  o barədə  çox yazmaq istəmirəm. Mən məsələyə sosial cəhətdən yanaşıb nələr olduğunu və nələr ola biləcəyini qeyd edəcəyəm.

Hər gün ictimai nəqliyyat vasitələrindən istifadə edirəm. Dayancaqda marşrut gözləyəndə, çayxanada çay içəndə, marşutda işə gedəndə, şəhərdə gəzəndə istər-istəməz ətrafımda olan insanların bir-biriləri ilə söhbətləşməsinin, telefon ilə danışanda  müzakirələrinin ötəri də olsa  eşidirəm. Məni narahat edən məsələ isə bütün bu danışıqların məhz borcla bağlı olmalısıdır.

Borc dedikdə ağıla birinci nə gəlir?. Bizim ölkəmizdə təbii ki, ilk öncə bank borcları gəlir. Ətrafımıza baxsaq deməki olar ki, hamının kredit borcu var. Hətta bəzi adamların 3-4 fərqli banklara borcu var. İnsanlar bütün qazanclarını ayırıb banka verməyə çalışırlar. Bir sözlə borc asıllığı yaradıblar. Əhalinin bank kreditlərinin statistikasını açıqlayan Mərkəzi Bank 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirib. Bu, sayı təxminən 9 milyon 500 min olan əhalinin 26 faizdən çoxu deməkdir. Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var. İnanın mənə çox qorxulu rəqəmdir. Niyə qorxuludur və niyə insanlar bu qədər kredit alır ?

Minimum əmək haqqı 105 AZN olduğunu düşünsək insanların banklara niyə müraciət etməsini başa düşə bilərik. Bakı kimi şəhərdə 4 nəfərlik ailənin ehtiyacını – nəqliyyatını, qidasını, xeyir-şərini düşünüb, kiçik hesablama aparsaq 105 AZN heç aylıq yol xərcini belə qarşılamağa kifayət etmir. Nəticədə insanlar məcbur banklara müraciət edir. Banklarda sağolsunlar ən yuxarı faizlərlə onsuzda borc içində batan insanların quyusunu daha da dərinləşdirirlər.

Məsələnin digər tərəfi də odur ki, bizim bəzi insanlarımız göstərişi sevir. Yəni əlində imkanı olmasa da hardan olsa pul tapıb iphone 6 alacaq. Telefonda  kontur olmur əsas odur ki,  iphone 6 istifadə etsin. Çox tanıdığım insanlar var ki, imkanı çox aşağıdı ancaq gedib kreditə bahalı maşın alırlar. Qonşudan geri qalma prinsipi evimizi yıxacaq. Sonrada şikayətlənirlər ki, çatdıra bilmirik, həyat çətindir və s. Düşünmürlər ki, həqiqətən bahalı telefon, maşın əslində ona lazım deyil. İnsanlara xoşbəxtliyi satırlar. Çox təəssüf olsun ki, xoşbəxtliyin o olmadığını gec anlayırlar. Valideynlərimizin, sevdiyimiz insanların yanımızda sağ-salamat, mehriban olmaları mənə görə bahalı telefon və maşından önəmlidir. Bəlkə də mən düzgün düşünmürəm, cəmiyyətə zidd danışıram ancaq ən azından bu mənim fikrimdi.

Borc problemi ailədə böhran yaradır. Uşağın bağça, məktəb xərcləri, universitetə hazırlaşırsa  hazırlıq kursu və s. ailədə ata-ana və uşaqlar arasında  problemlər yaranmağa başlayır. Ailə daxili xoşbəxtlik itir və ailə daxili böhran başlayır. Belə vəziyyətlərdə hətta intihar ilə nəticələnə bilər. Xəbərləri izləyənlər yaxşı bilir ki, borcunu ödəmək üçün insanlar böyrəyini satır, oğurluq edir və son çarə kimi isə öz canlarına qəsd edirlər.

Bugün artıq 3-cü dəfədir ki, insanların gözü qabağında bəzi şəxslər telefonda danışdığı şəxsə “pulumu geri qaytarmasan səni öldürəcəm” deyir. Bu söz elə-belə deyilmiş söz deyil. Bu gedişlə ölkədə cinayətlərin, intiharların sayı arta bilər. Statistika nə qədər gizlətməyə çalışsada ölkədə ciddi problemler yarana bilər. Ruminyada olan zaman bizim komandaya bələdçilik edən xanımın maşının arxa oturacağının üzərinə  içində əşyalarım olan çantamı yerləşdirdim. Bələdçi isə çantanı ayaqaltına qoydu. Mən isə təəccüblə ona baxırdım ki, niyə belə edir görəsən?! Daha sonra izah elədiki, çantanı maşında  görsələr şüşəni sındırıb götürə bilərlər. Mən onu dəqiq bilirəm ki, kredit borcları, tənhalıq, sosial problemlərin çoxluğu insanları oğurluğa, cinayətə meyilli edəcəkdir.

Bu yaxınlarda bankda işləyən bir dostumuz ilə bu məsələ haqqında danışdıq. O, bildirdi ki, rayonlarda kredit vermək daha çox sərf edir. Çünki Bakıda rəqabət çoxdur. İndi düşünün Banklar  Bakıdakı sakinləri “ağ günə çıxartdı”, indi də  rayonlardakı insanlara “xoşbəxtlik” bəxş edəcək. Mən iqtisadçı deyiləm ancaq bir sosial işçi kimi onu qeyd edə bilərəm ki, bankların yürütdüyü bu siyasət onların elə öz axırına çıxacaq. Düşünün kiməsə borc vermisiniz və onun borcu qaytarmağa imkanı yoxdur. Nə edərdiniz? Bir də düşünün bu 1, 2, 3, 4, 5 nəfər deyil yüzlərlə, minlərlə ailələrdir. Bu isə məntiqi sonluq olaraq həmin ailələrin rifahını, güzəranını, rahatlığını  pozmaqdır. Böyük sosial problemler olacaq. Bunu zamanla görəcəyik.

Çox uzun danışmaq olar. Ancaq qısaca onu qeyd etmək istəyirəm ki, əgər  banklar  kreditin verərkən faizləri azaltmasalar cinayətlər, intiharlar arta bilər. Paralel olaraq da  əmək haqqını yüksəltmək lazımdır. Əks təqdirdə Sosial inqilab qaçılmazdır. Ümid edirəm ki, tez bir zamanda hər şey qaydasına düşəcəkdir.

 

2 Comments

  1. Sevincli Dünya

    Çox təşəkkür edirəm, Elmir. Və səninlə razıyam, haqlısan dediklərində.

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Təşəkkürlər çox sağolun. Əlavəniz olarsa mütləq qeyd edin 🙂

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar